MƏDƏNİYYƏT
Tanınmış rusiyalı baletmeyster Azərbaycanda balet sənətinə göstərilən diqqət və qayğıdan razı qalıb
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan tanınmış sovet və Rusiya balet artisti, baletmeyster, xoreoqraf, teatr rejissoru, aktyor, rəssam, SSRİ Xalq Artisti Vladimir Vasilyev ilə görüşüb.
Tanınmış xoreoqraf Bakıya Azərbaycan baletinin tanınmış ustaları, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Balet mənim həyatımdır” sənədli filminin təqdimatında iştirak etmək məqsədi ilə gəlib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Ə.Qarayev görkəmli baletmeysteri Bakıda görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, iki ölkə arasında xoreoqrafiya sahəsində əlaqələr daha da genişlənməli, gənc nəsil görkəmli balet ustalarının məktəbini öyrənməli və bu ənənələri davam etdirməlidirlər. Vladimir Vasilyevin hazırladığı bütün tamaşaları izlədiyini deyən nazir onu balet səhnəsinin əvəzsiz ustadı kimi dəyərləndirib.
Qonaq filmin dekabrın 8-də “Nizami” Kino Mərkəzində keçirilmiş nümayişinin,
habelə Bakıya ilk səfərinin təəssüratlarını bölüşərək, Rəfiqə Axundova və Maqsud Məmmədov ilə uzun müddətdir dostluq etdiyini, onların yaradıcılığına verilən yüksək qiymətin məmnunluq doğurduğunu diqqətə çatdırıb. İncəsənət adamlarının hər bir dövlətin milli sərvəti olduğunu qeyd edən Vladimir Vasilyev Azərbaycanda balet sənətinə göstərilən qayğıdan razılığını bildirib.
Azərbaycan və Rusiyanın xoreoqrafiya sahəsində səmərəli əməkdaşlığından danışan nazir vaxtilə balet tamaşalarının böyük əks-səda doğurduğunu xatırladıb. Rəfiqə Axundova və Maqsud Məmmədovun yubileylərinin də keçirilməsinin planlaşdırıldığını bildirib. Vurğulayıb ki, iki ölkə xoreoqraflarının birgə əməkdaşlığı və bu sahədə qarşılıqlı mübadilə xoreoqrafiya sahəsində yeni üfüqlər açmasına təkan verəcək. Sənət mübadiləsi yeni forma və baxış axtarışlarının yaranmasına, yeni ideyaların həyata keçirilməsində mühüm rol oynaya bilər. Nazir qeyd edib ki, vaxtilə Rusiya səhnəsində tamaşaya qoyulan Azərbaycan baletlərinin müasir dövrdə yenilənməsinə ehtiyac duyulur.
Azərbaycanda Xoreoqrafiya Akademiyasının yaradıldığını qonaqların diqqətinə çatdıran Ə.Qarayev Azərbaycan gənclərinin xoreoqrafiya sahəsinə marağının artırılması istiqamətində aparılacaq işlərdən də danışıb. Bakıya səfəri çərçivəsində qonağı Azərbaycanın mədəniyyət ocaqları ilə yaxından tanış olmağa dəvət edib.
Görüş xoreoqrafiya sahəsində bugünkü problemlər və perspektivlər, gənc nəsildə baletə marağın artırılması, müasir baletlə bağlı fikir mübadiləsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.
Söhbət zamanı, həmçinin iki ölkənin balet mütəxəssislərinin ustad dərslərinin təşkili, birgə tamaşaların hazırlanması məsələləri də müzakirə olunub. Rusiyalı qonaq ona göstərilən diqqətə görə minnətdarlığını bildirib və Azərbaycanla əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşdə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov da iştirak ediblər.