MƏDƏNİYYƏT
Tanınmış şair Elçin İsgəndərzadənin 50 illik yubileyi qeyd olunub
Bakı, 28 noyabr, E. Hüseynov, AZƏRTAC
Noyabrın 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair, professor Elçin İsgəndərzadənin 50 illik yubileyi elm və mədəniyyət xadimlərinin, Milli Məclisin deputatlarının, ədəbi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində E.İsgəndərzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Sonra elm, təhsil və yaradıcılıq təşkilatlarının yubilyara ünvanladıqları təbriklər diqqətə çatdırılıb.
Toplantı iştirakçılarına məlumat verilib ki, 1964-cü ilin sentyabrında Şuşa şəhərində anadan olan və orta məktəbi Ağdam şəhərində qızıl medalla bitirən Elçin İsgəndərzadə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsini də fərqlənmə diplomu ilə başa vurub. Tələbəlik illərində Azərbaycan ali məktəb tələbələrinin ümumrespublika elmi konfranslarında beş dəfə birinci dərəcəli diploma layiq görülüb.
Elçin İsgəndərzadə 1994-cü ildə “VEKTOR” Beynəlxalq Elm Mərkəzini təsis edib. 2001-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru və professor olub. O, eyni zamanda, filologiya elmləri doktorudur. 2002-ci ildə Nyu-York Elmlər Akademiyasının, 2003-cü ildə isə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. “BAYATI” beynəlxalq ədəbi-sənət jurnalını təsis edib və baş redaktoru olub. Daha sonra “VEKTOR” beynəlxalq elm jurnalını təsis edib və baş redaktoru seçilib, “VEKTOR” nəşrlər evini yaradıb. “Nizamidən Yunis İmrəyə – Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu” beynəlxalq simpoziumunun təşkilat komitəsinin həmsədri olub. Kitabları dünyanın 12 ölkəsində yerli xalqların dillərinə çevrilərək çap edilib. Avrasiyanın bir sıra ölkələrində yaradıcı birliklərin üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Prezident mükafatçısıdır.
Yubiley gecəsində çıxış edənlər E.İsgəndərzadənin yaradıcılıq məziyyətlərindən, yüksək insani keyfiyyətlərindən söhbət açıblar, yubilyarı təbrik ediblər. Çıxışlarda E.İsgəndərzadənin türk xalqları arasında ədəbi əlaqələrin möhkəmləndirilməsində xidmətləri də vurğulanıb.
Gecədə, həmçinin tanınmış incəsənət ustaları şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.