REGİONLAR
Tanınmış şair və yazıçılar Xaçmazda Mirzə Ələkbər Sabir poeziyasının işığına toplaşıb
Xaçmaz, 30 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 30-da Xaçmaz şəhərində görkəmli şair Mirzə Ələkbər Sabirin doğum günü münasibətilə növbəti ənənəvi “Sabir poeziya günləri” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, sabirsevərlərin qatıldığı tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, tanınmış oftalmoloq alim, şair Paşa Qəlbinur, şairin nəvəsi Sevda Tahirli və respublikanın digər tanınmış şair və yazıçıları, həmçinin Cənubi Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qonaqlar açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi və Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi ilə də yaxından tanış olublar.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə çıxış edənlər “Sabir poeziya günləri”nin tarixindən danışaraq, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açıblar.
AYB-nin sədri, xalq yazıçısı Anar artıq 55 ildir ki, şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən bəhs edərək, Mirzə Ələkbər Sabirin damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayıb.
Böyük şairin yaradıcılığının və ömür yolunun müxtəlif məqamlarına toxunan digər natiqlər onun satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirib, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdırıblar.
Tədbirdə qiraət ustası, Əməkdar Artist Ağalar Bayramovun ifasında Sabirin şeirləri səsləndirilib.