MƏDƏNİYYƏT


Tanınmış şairə həsr edilmiş “Xüsusi buraxılış” dərc olunub

Bakı, 3 fevral, AZƏRTAC

“Müəllim sözü” qəzetinin fevralda dərc edilən “Ziyalı” adlı “Xüsusi buraxılış”ı tanınmış şair İlyas Tapdığa həsr edilib.

AZƏRTAC xəbər verir ki, şairin tərcümeyi-halı ilə başlayan “Xüsusi buraxılış”da onun haqqında ayrı-ayrı ədəbiyyat, elm, incəsənət xadimlərinin yazdıqları oçerk və məqalələr, müasirlərinin ürək sözləri, ona həsr edilmiş şeirlər yer alıb.

Nəşrdə böyük Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin vaxtilə İ.Tapdıq haqqında yazdığı “Bir neçə söz” məqaləsi yenidən oxuculara təqdim olunub. Məqalədə deyilir: “Azərbaycan oxucusu “Bulaq başında”, “Gözlər”, “Xumar”, “Arxalı dağlar” və s. kitabların müəllifi İlyas Tapdığı səmimi, lirik şeirləri ilə tanıyır. Onun şablondan, çılpaq təbliğatdan uzaq - orijinal və şairanə tematikası vardır. Doğma yurdunun insanları, təbiəti və gözəlliyi şairin ayrı-ayrı şeirlərində təmiz hisslərin vəhdəti ilə ifadə olunur...”

“Xüsusi buraxılış”da Xalq şairləri Hüseyn Arif, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və başqalarının şairin yaradıcılığı və həyatının müxtəlif anları haqqında maraqlı fikirləri yer alıb.

Nəşrdə şairin həyat və yaradıcılığı, şeir, tərcümə kitabları, redaktoru və “Ön söz” müəllifi olduğu nəşrlər, həmçinin sənətə gələn gənc qələm sahiblərinə diqqət və qayğısı haqqında da yazılar işıq üzü görüb.

Qeyd edək ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeirilə başlayıb. “Uşaqgəncnəşr”, “Azərnəşr”, “Gənclik” nəşriyyatı, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi, “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri və digər vəzifələrində çalışıb. İlyas Tapdıq 2016-cı il dekabrın 25-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.