MƏDƏNİYYƏT
Tanınmış şairin kitabının “imza günü”
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Bakıdakı “Kitabevim.az” kitab marketində tanınmış şair, tərcüməçi, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin “Belə yaxşıdır” kitabının “imza günü” keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan Yazıçılar Birliyinin (AYB) “AYBkitab” layihəsi çərçivəsində işıq üzü görüb.
Tədbirdə AYB-in katibi Rəşad Məcid, layihənin rəhbəri Xəyal Rza çıxış edərək hər bir şair üçün “imza günü”nün əlamətdar hadisə olduğunu vurğulayıblar.
Bildirilib ki, Vaqif Bəhmənli öz üslubu, ədəbiyyatımızda məxsusi yeri olan şairlərdəndir. Onun fəlsəfi-intellektual şeirləri oxucular tərəfindən hər zaman böyük rəğbətlə qarşılanıb. Çünki o, sözün qədrini bilib onun yükünü çəkə bilən istedad sahiblərindədir.
Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər çıxış edənlər Vaqif Bəhmənlinin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki poetik məzmunun dərinliyindən söz açıblar.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, “Belə yaxşıdır” kitabını imzalayaraq ədəbiyyatsevərlərə təqdim edib.