SİYASƏT
Tanınmış serb yazıçısı Milorad Paviçin xanımı dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli addımlar atmağa çağırıb
Bakı, 6 iyul, AZƏRTAC
Dünya şöhrətli “Xəzər lüğəti” kitabının müəllifi, serb yazıçısı Milorad Paviçin xanımı Yasmina Mihayloviç iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ikiyaşlı Zəhra Quliyevanın və nənəsi Sahibənin qətlə yetirilməsini kəskin pisləyib.
Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu ölkənin geniş oxucu kütləsinə malik http://balkanin.com saytında “İkiyaşlı azərbaycanlı qız və onun nənəsi Dağlıq Qarabağda erməni hücumunun yeni qurbanı olmuşlar” sərlövhəli yazıda Yasmina Mihayloviçin fikirləri yer alıb.
Yazıda deyilir: “Təcavüzkar separatizm və tarixi torpağı olan Kosovo və Metoxiyanın parçalanması ilə üzləşən Serbiya vətəndaşı kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya xəbərlərini diqqətlə izləyirəm.
Xatırladım ki, 1990-cı illərdə hərbi müdaxilə və işğal minlərlə insan həyatına son qoymuş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. 20 ildən artıq bir müddətdə bu hərbi münaqişə insanlara fəlakət və bədbəxtlik gətirməkdə, günahsız dinc insanların həyatına son qoymaqda davam edir.
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc əhalini və mülki obyektləri atəşə tutması nəticəsində günahsız azərbaycanlıların, xüsusilə ikiyaşlı qız uşağı və onun 50 yaşlı nənəsinin ölümü, digər sakinin yaralanması haqqında xəbəri böyük narahatlıqla oxudum.
Yenə də, iyirmi il əvvəl olduğu kimi mülki insanlar, uşaq və qocalar məqsədyönlü şəkildə atəşə tutulur və qətlə məruz qalırlar. Mülki əhali ilə müharibəni qorxaqlıq hesab edirəm. Dinc əhaliyə qarşı yönəlmiş hər cür zorakılıq və hərbi əməliyyatları qətiyyətlə pisləyirəm. Minomyot atəşi nəticəsində körpə uşağın və nənəsinin ölümünün ərazi iddiaları ilə başlayan və həllini tapmayan hərbi münaqişələrin nəticəsi olduğuna inanıram.
Bütün dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə tənzimlənməsi üçün qətiyyətli addımlar atmağa çağırıram”.