MƏDƏNİYYƏT
Tanınmış skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi təşkil olunub
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Tahirqızı çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb.
Vurğulanıb ki, Z.Quliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında yorulmaz əmək sərf edərək musiqi sənətinin inkişafına böyük töhfələr verib.
Tanınmış skripkaçının pedaqoji fəaliyyətindən bəhs edən natiq bildirib ki, Z.Quliyeva çoxsaylı musiqi əsərləri ilə də təmsil etdiyi sənətə hər zaman şöhrət gətirib.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri musiqi proqramı ilə çıxış edib.