MƏDƏNİYYƏT
Tanınmış solo-saz ifaçısı geniş konsert proqramı ilə çıxış edib
Bakı, 9 dekabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində tanınmış solo-saz ifaçısı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Əməkdar Mədəniyyət İşçisi Aşıq Fəzail Miskinlinin (Orucov) “Qərinələrdən gələn sazım” adlı solo konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli Fəzail Miskinlinin sazda məharətli ifasından, sənət və elmi yaradıcılığından söhbət açıb.
Bildirilib ki, Gədəbəyin Çaldaş kəndində dünyaya göz açan Fəzail Orucov rayonda keçirilən “Gədəbəyin yazı-aşığın sazı” adlı müsabiqənin laureatı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib, magistraturaya, sonra aspiranturaya daxil olub. O, bir monoqrafiyanın, “Aşıq sənətinin tarixi və nəzəriyyəsi” adlı dərs proqramının həmmüəlliflərindən biridir. F.Miskinli Türkiyə, Almaniya, İspaniya, Fransa və Macarıstanda keçirilən festivallarda Azərbaycan saz sənətini ləyaqətlə təmsil edib. Türkiyədə keçirilən beynəlxalq folklor musiqisi müsabiqəsinin laureatı olan Fəzail Miskinli Yunis Əmrə Mədəniyyət Mərkəzinə üzv seçilib.
Tədbirdə Xalq Artisti Canəli Əkbərov, tanınmış tarzən Vamiq Məmmədəliyev, Əməkdar Mədəniyyət İşçisi Əhliman Rəhimov və başqaları F.Miskinlinin səhnə davranışından, həzin və sirayətedici ifalarından söz açıblar.
“Folklor ənənələrinin inkişafına dəstək” İctimai Birliyini yaratması haqqında məlumat verən Fəzail Miskinli bildirib ki, əsas məqsədi saz sənətini inkişaf etdirməkdir.
Tədbirdə “Dastan” xalq çalğı alətləri ansamblının müşayiəti ilə incəsənət ustalarının və F.Miskinlinin ifasında konsert proqramı təqdim olunub.
Öz ifasına sazda “Ruhani” ilə başlayan aşıq Fəzail Miskinli gecəyə “Misri” və “Cəngi” el havaları ilə yekun vurub.