MƏDƏNİYYƏT


Tanınmış tarzənin anadan olmasının 100 illiyi qeyd olunub

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti, tanınmış tarzən Əliağa Quliyevin anadan olmasının 100 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tarzənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə filologiya elmləri doktoru Gülhüseyn Kazımlı sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, Əliağa Quliyev 1917-ci il mayın 9-da Xəzərin sahilində, Bakı şəhərində dünyaya göz açıb. 1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilib.

Diqqətə çatdırılıb ki, 1937-ci ildə “Koroğlu” operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar ifa edib.

Tədbirdə Ə.Quliyevin İkinci Dünya müharibəsində göstərdiyi igidliklərdən və aldığı orden və medallardan da danışılıb. Qeyd edilib ki,1946-cı ildə həyat və sənət yolları Ə.Quliyevi böyük sənətkar Əhməd Bakıxanovla rastlaşdırıb. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışıb. Burada konsertmeyster olub. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayıb. O, burada elə püxtələşib ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblını yaradıb.

Gecədə görkəmli tarzənin müxtəlif təşkilatlarda çalışmasından və Azərbaycan musiqisinin təbliği naminə gördüyü işlərdən geniş söhbət açılıb.

Daha sonra tarzənin tələbələri və tanınmış xanəndələrin ifasında muğam və təsniflər səsləndirililib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.