MƏDƏNİYYƏT
Tanınmış və gənc müğənnilər “Retro Bakı” layihəsində çıxış edib
Bakı, 15 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə həyata keçirilən “Retro Bakı” layihəsinin konsertləri davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftə təşkil edilən konsertdə tanınmış müğənni Yaqut Babayeva, gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, “İstedad” instrumental ansamblı və “Azad” rəqs qrupu rəngarəng ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.
Oktyabrın ortalarınadək davam edəcək layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaq və yay aylarında paytaxt sakinlərinin asudə vaxtının səmərəli keçməsinə nail olmaqdır. Layihə çərçivəsində hər şənbə və bazar günü axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.