CƏMİYYƏT


Tanınmış yapon alimi görmə qabiliyyətinin müayinəsi üzrə  Azərbaycanda növbəti missiyasına başlayıb

Bakı, 10 iyul, AZƏRTAC 

Bu gün Yaponiyanın “Fuci Optikal” şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyasına başlayıb, missiya BMT QAK tərəfindən Hökumətlə sıx əməkdaşlıq şəraitində təşkil edilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərdə olduğu kimi, “Fuci Optikal” şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası tanınmış yapon alimi doktor Akio Kanainin rəhbərlik etdiyi altı nəfər optometrist mütəxəssisdən ibarətdir.

Bu il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı iyulun 11-13-də Mingəçevirdə, iyulun 14-15-də Şəkidə və iyulun 17-də isə Bakıda həyata keçiriləcək.

Doktor Akio Kanai 2006-cı ildə nüfuzlu “Nansen qaçqın mükafatı”na layiq görülüb. Mükafat ona Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) son dörd onillikdə səxavətli özəl donoru kimi dünyada olan didərgin insanlara kömək göstərilməsində nümayiş etdirdiyi qətiyyətə görə təqdim olunub. Ötən il Cenevrədə (İsveçrə) keçirilmiş “Nansen Qaçqın Mükafatı”nın təqdimat mərasimində Doktor Akio Kanainin humanitar fəaliyyətinə həsr olunmuş video nümayiş etdirilib və ictimaiyyətə təqdim olunub.

“Fuci Optikal” Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 43 minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insanlar BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il altı gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün “Fuci Optikal” BMT QAK-a 4 min eynək, eyni zamanda, görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə edib, 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi hədəfə alıb.

Ümumiyyətlə, Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək “Fuci Optikal” şirkəti Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan insanlar üçün 150 min eynək ianə edib, Azərbaycan da daxil olmaqla bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyalarını həyata keçirib.

Yapon şirkəti “Fuci Optikal”ın görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası çərçivəsində humanitar təşəbbüsləri BMT QAK və Azərbaycan Hökuməti tərəfindən, həmçinin yardımın ünvanlandığı icmalar tərəfindən həmişə yüksək qiymətləndirilir. Bu səylər Azərbaycanın üzləşdiyi didərgin probleminə, eyni zamanda, BMT QAK-ın işinə anlayış və rəğbət nümayiş etdirir. BMT QAK dünyada olan qaçqınların və məcburi köçkünlərin himayəsi, rifahı sahəsində beynəlxalq müdaxilələrin idarə olunması və əlaqələndirilməsi vəzifəsini daşıyır, həmçinin məlumatlılığın artırılmasına və didərginlik problemləri həllini tapana qədər Azərbaycandakı didərgin insanlara dəstək göstərilməsi üçün bütün təşəbbüslərə şərait yaratmağa davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.