MƏDƏNİYYƏT


Tanınmış yazıçı-dramaturq Aqşin Babayevə həsr olunmuş tədbir keçirilib

A+ A

Bakı, 4 noyabr, Ceyhun Alşılı, AZƏRTAC

Noyabrın 4-də Səbail rayon MKS-nin 3 saylı filialında yazıçı-dramaturq və publisist, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Aqşin Babayevə həsr olunmuş “Mənim ömrüm” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, A.Babayevin anadan olmasının 80 illiyi çərçivəsində baş tutan tədbirdə qonaqlar əvvəlcə yazıçının kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə N.Hikmət adına Uşaq Kitabxanasının müdiri Çərkəz Əliyeva çıxış edərək yazıçı-dramaturqun həyat və yaradıcılığından danışaraq onun hər zaman axtarışda olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında, “Cazibəli üfüqlər” adlı ilk kitabı isə 1964-cü ildə işıq üzü görüb. O, ədəbiyyatsevərlərin həvəslə oxuduqları “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı” adlı kitabların müəllifidir. Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilən “Kişilər az yaşadı” kitabı isə ona daha böyük şöhrət gətirib.

Tədbirdə “Maarif” nəşriyyatının direktoru İsmayıl Ələkbərov və Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova çıxış edərək Aqşin Babayev yaradıcılığının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, o, hər zaman səmimi və qayğıkeş dost, gözəl ziyalı kimi tanınıb. Onun başlıca xüsusiyyəti yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi bədii yaradıcılıqla məşğul olmasıdır. A.Babayev istər vaxtı ilə çalışdığı Azərbaycan Radiosunda və Milli Məclisdə, istərsə də hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətini həvəslə davam etdirməklə yanaşı, yaradıcılığa da xüsusi önəm verib. Belə ki, publisistin Niyaziyə, Q.Qarayevə, M.İbrahimova, N.Hikmətə, Ə.Məmmədxanlıya, o cümlədən başqa yazıçı və mədəniyyət xadimlərinə həsr etdiyi portret yazıları oxucular tərəfindən maraqla qarşılanıb. Eyni zamanda, 1967-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan A.Babayevin elmi əsərləri Moskva, Ankara və Tbilisidə çap olunub. Onun “Türk ədəbiyyatı müntəxəbatı”, “Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan və türk dünyası” kitabları bu gün də dəyərli dərs vəsaiti kimi istifadə edilir.

Sonra Aqşin Babayevin “Nazim Hikmət qalaktikası” adlı kitabının təqdimatı keçirilib. Kitabın bir nüsxəsi də Səbail rayon MKS-nin 3 saylı filialına hədiyyə edilib.

Tədbirdə Bakı şəhərindəki 49 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən A.Babyevin yaradıcılığından nümunələr səslənib, şagirdlərin maraq doğuran sualları cavablandırılıb.

Sonda Aqşin Babayev tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, yaradıcılıq axtarışlarından danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.