MƏDƏNİYYƏT
Tanınmış yazıçı, publisist Mətanət Ulu Şirvanlının kitablarının təqdimatı olub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, publisist Mətanət Ulu Şirvanlının “Salam, qoca” və “İt kəlləsi” kitablarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tənqidçi Əsəd Cahangir kitablar barədə məlumat verib, əsərlərdəki hadisələrin mahiyyətindən danışıb. Müəllifin qələmə aldığı nəsr əsərlərində onun yazıçı və şair idrakına, təxəyyülünə sığındıgı, ətraf mühitin seyri və şəxsi müşahidəsinin Mətanət Ulu Şirvanlının bədii yaradıcılığına rəngarənglik və dinamiklik gətirdiyi bildirilib.
Professor İsmayıl Kazımov qeyd edib ki, yazışının “Salam, qoca” esseler kitabı konseptual düşüncə mənbəyi kimi qiymətləndirilir. Poetik enerjisi güclü olan, bir sıra yaradıcılıq aspektlərində qələmini sınaqdan çıxaran Mətanət Ulu Şirvanlının ədəbi-bədii, fəlsəfi düşüncələrini dəyərləndirən İ.Kazımov müəllifin esse janırının yeni növünü meydana gətirdiyini söyləyib.
Tədbirdə Mətanət Ulu Şirvanlı yaradıcılığının oxucular tərəfindən bəyənildiyi bildirilib. Yazıçının esselerində və nəsr əsərlərində hikmətli, müdrik kəlamların yer aldığı, şeirlərində Vətənə, el-obaya böyük məhəbbətin tərənnüm edildiyi qeyd olunub.
Sonra Xalq Artisti Eldost Bayram və aktyor Təvəkkül Əhmədov şairin “Bayraq” və “Qarabağ” şeirlərini söyləyiblər.
Mətanət Ulu Şirvanlı poetik yaradıcılığına və nəsr əsərlərindəki naliyyətlərinə, Azərbaycan ədəbiyyatında xüsusi roluna, Şirvan ədəbi mühiti üçün göstərdiyi xidmətlərinə görə “Həqiqət.az” informasiya portalı tərəfindən fəxri diploma layiq görülüb.
Tədbirdə professorlar Təyyar Salamoğlu, Kamil Bəşirov, filologiya elmləri doktorları Tahir Şirvanlı, Xədicə İsgəndərova, tanınmış ədəbiyyat və incəsənət nümayəndələri iştirak ediblər.