ORDU
“Tank biatlonu” yarışında tankçılarımızın uğuru ordumuzun işğal altındakı torpaqlarımızı azad etməyə hazır olduğunu göstərir
Bakı, 8 avqust, AZƏRTAC
Moskva yaxınlığındakı Kubinka təlim mərkəzində iyulun 30-dan etibarən keçirilən “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında 19 ölkədən 121 komanda mübarizə aparır. Komandalar quru, hava və dəniz hazırlığı üzrə ümumilikdə 23 müsabiqədə iştirak edir. Üç mindən çox hərbçinin iştirakı ilə 20 təlim mərkəzində və 3 dəniz akvatoriyasında keçirilən oyunlar avqustun 13-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə məlumat verib.
Ə.Qənizadə bildirib ki, avqustun 2-də Alabino təlim mərkəzində “Tank biatlonu” müsabiqəsinə start verilib. Bu yarışda 17 ölkədən 51 tank heyəti iştirak edir. "Xəzər kuboku” və “Tank biatlonu” yarışlarında Azərbaycanı general-leytenant Nizam Osmanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Azərbaycan tankçıları "Т-72B3" tanklarında çıxış edirlər.
Qeyd olunub ki, müsabiqənin ikinci günündə keçirilmiş yeddinci gedişdə meydana çıxan Azərbaycan tankçıları yer aldıqları qrupda Serbiya, Tacikistan və Rusiyanın DOSAAF təşkilatını təmsil edən tankçılarla yarışıblar. Azərbaycan tankçıları çıxışını 28 dəqiqə 12 saniyə ərzində başa vuraraq qrup üzrə ikinci (Serbiyadan sonra) olublar. On beş mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi “Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək. Avqustun 11-də keçiriləcək növbəti mərhələdə - yarımfinalda tankçılarımız 4 komandadan ibarət qruplarda Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaqlar.
Ehtiyatda olan polkovnik deyib ki, “Fərdi sürücülük” mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 kilometr olan üç dövrə vurmalı, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tank əleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edir. Atəş mərhələlərində şərti düşmənin tank, helikopter və tank heyətlərinin hədəfləri məhv edilməlidir. “Fərdi sürücülük” mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarımfinala çıxaraq “Estafet” mərhələsində iştirak hüququ qazanacaq. Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq.
Azərbaycan tankçılarını qazandıqları uğur münasibətilə təbrik edən və onlara daha böyük uğurlar arzulayan Ə.Qənizadə deyib: “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə əsasən, Silahlı Qüvvələrimiz döyüş təcrübəsinin artırılması sahəsində mütəmadi olaraq irimiqyaslı təlimlər keçirir.
Bunun nəticəsidir ki, “Beynəlxalq Ordu Oyunları - 2016” yarışında ilk dəfə iştirak edən Azərbaycan tankçıları hədəfləri ustalıqla vuraraq, manevrləri bacarıqla keçərək və yüksək idarəçilik qabiliyyəti nümayiş etdirərək müsabiqənin yarımfinalına vəsiqə qazanıblar. Komandamız ən yaxşı heyət siyahısında beşinci yerdə qərarlaşıb.
Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində göstərdiyi peşəkarlıq, düşmən üzərində əldə etdiyi qələbə və bu gün yarış iştirakçılarının göstərdiyi nəticə Ordumuzun işğal altındakı torpaqlarımızı azad etməyə tam hazır olduğunu bir daha sübut edir”.