İQTİSADİYYAT


Tarif Şurası: "Aİ-92" markalı avtomobil benzininin tarifindəki  dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyata aidiyyəti yoxdur

Bakı, 15 iyul, AZƏRTAC

Məlum olduğu kimi, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasından AZƏRTAC-a bildiriblər ki, bununla belə qeyd edilməlidir ki, "Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin, dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə isə, bu sahədə də "Aİ-92" markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır.

Taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat vasitəsi dizel ilə deyil, benzin ilə işləyən avtomobildirsə və hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun müştəri itirməsi ilə nəticələnəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.