İQTİSADİYYAT
Tarif (qiymət) Şurası daha 530 dərman vasitəsinin qiymətini təsdiqləyib
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Tarif (qiymət) Şurasının noyabrın 23-də keçirilmiş növbəti iclasında daha 530 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 1160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1122 dərman vasitəsinin qiyməti bu il dekabrın 1-dən, 1258 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcəkdir.
İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 faizinin qiyməti 2 dəfədən çox, 24 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 95 faizinin qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Şuranın iclasında, həmçinin yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və dekabrın 7-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.
Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib. Yeni tarif 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.