İQTİSADİYYAT
“Tarimçılar Kimya” şirkəti Azərbaycanda gübrə istehsalını təşkil etmək niyyətindədir
Bakı, 27 may, Samirə Quliyeva, AZƏRTAC
“Tarimçılar Kimya” şirkətinə məxsus “Fully” və “Rhino” brendləri altında bir sıra gübrə növlərinin, “Igsaş” şirkətinin karbamid məhsulunun, dünyanın ən böyük kaliumlu gübrə istehsalçısı - Rusiyanın “Uralkaliy” şirkətinin məhsullarının Azərbaycanda istehsalını təşkil etmək niyyətindəyik. Hazırda texniki məsələlər dəqiqləşdirilir. İstehsal prosesi Şəmkir rayonunda yerləşən kənd təsərrüfatı kompleksinin nəzdində həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a “Tarimçılar Kimya” şirkətinin Azərbaycandakı təmsilçisi Тоfiq Muradov açıqlama verib. “Bu il biz “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində istixana təsərrüfatı üçün nəzərdə tutulmuş müxtəlif maye gübrələr təqdim etdik. Sərgidə iştirak etməkdə məqsədimiz Azərbaycanın aqrar sektorunun təmsilçilərinə dünyanın aparıcı istixana təsərrüfatlarında tətbiq olunan, habelə məhsulun miqdar və keyfiyyətinin artmasına kömək edən ən son maye gübrələr barədə məlumat vermək idi”,-deyə o bildirib.
T.Muradov deyib ki, müasir istixanalarda damcılı suvarma sistemlərindən istifadə olunur, həmin sistemlərin uzun müddət fəaliyyət göstərməsi və tıxaclanmaması üçün yalnız xüsusi hazır maye kübrələrdən istifadə etmək lazımdır.