SİYASƏT
Tariq Fatimi: Pakistan Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
İslamabad, 4 iyul, AZƏRTAC
Pakistan Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir.
Bu fikri Pakistan Baş nazirinin xarici işlər üzrə xüsusi köməkçisi Tariq Fatimi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşdə söyləyib.
Baş nazirin köməkçisi Azərbaycan və Pakistan arasında mədəniyyət, ticarət və digər sahələrdə əlaqələrin genişləndiyini bildirib. O qeyd edib ki, hər iki ölkə bir-birini daim dəstəkləyir və bu da dostluğumuzun əbədi olmasından xəbər verir.
T.Fatimi Pakistan Prezidentinin 2015-ci ildə Azərbaycana səfərini xatırladıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin inkişafı üçün təkan olduğunu vurğulayıb.
Baş nazirin köməkçisi Pakistan hökumətinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu bildirərək səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir qardaş ölkələrimizin istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda bir-birinə hər zaman dəstək verdiyini, siyasi münasibətlərlə yanaşı, iqtisadi, mədəni, hərbi-texniki, enerji, elmi və digər sahələrdə də mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün özünün və səfirliyin səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsi ilə bağlı işlərin davam etdirilməsinə dair müzakirələr aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad