ELM VƏ TƏHSİL


Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli” ilə bağlı iclası olub

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş iclası keçirilib. İclasda qonaq qismində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi iştirak edib.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən institutun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov iclas iştirakçılarına misirli qonaq haqqında geniş məlumat verib. Qeyd edib ki, Əhməd bəy Azərbaycan üçün mühüm işlər görən bir insandır. O, Azərbaycan dilindən ərəb dilinə bir sıra əsərləri tərcümə edib. O, eyni zamanda, Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir. Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin ərəb dilində zəngin kitabxanası var. Əhməd bəy bizə nəinki bu zəngin kitabxanadan istifadə etməyə, həm də Misirdə olan tariximizlə bağlı mənbələrin tədqiqata cəlb olunması üçün öz köməyini təklif edir. Bu təklifi dəyərləndirmək lazımdır. Mərkəzdə, həmçinin ərəb dili kursları keçirilir. Əhməd Sami Elaydi Tarix İnstitutunun əməkdaşlarını da bu kurslara dəvət edib.

Elmi Şuranın iclasında qərara alınıb ki, Tarix İnstitutunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın dövlətçilik tarixi, o cümlədən Qarabağ, İrəvan və digər bölgələrinin tarixi ilə bağlı kitabların tərcümə edilərək ərəb ölkələrində təqdimatı və təbliği təşkil olunacaq.

Misirli alim ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözlərini xatırladaraq Azərbaycanı sevdiyini bildirib. O qeyd edib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir və bu mərkəz Bakıda 1999-cu ildən fəaliyyət göstərir. “Mərkəzin kitabxanasında xeyli sayda ərəb dilində kitab, o cümlədən tarixi mənbələr var. Kitabxanamız adından on min elektron kitabı Tarix İnstitutuna təqdim etməyə hazırıq”, - deyə Əhməd Sami Elaydi diqqətə çatdırıb.

Görüşdə qərara alınıb ki, Tarix İnstitutunun əməkdaşları üçün ödənişsiz ərəb dili kursları təşkil ediləcək, “İslam Həmrəyliyi İli” çərçivəsində institut ilə mərkəzin birgə tədbirləri təşkil olunacaq.

Misirli qonaq deyib: “Hədəfimiz birdir. Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Mən özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm”.

Y.Mahmudov Elmi Şuranın üzvlərinə özbək tarixçisi Şuxrat Salamovla (Barlas) bağlı məhkəmə işi barədə məlumat verərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlara dair kitablar yazan Ş.Salamov haqqında ermənilərin irəli sürdüyü ittihamlara məhkəmədə baxılıb və qaldırılan iddialar əsassız sayılıb. İnstitut direktoru bu işdə Azərbaycan ziyalılarının, o cümlədən Tarix İnstitutunun Elmi Şurasının bəyanatının mühüm rol oynadığını xatırladaraq tarixçi-alimləri təbrik edib.

Yaqub Mahmudov misirli qonağa “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitablarını və İrəvan xanlığının tarixi ilə bağlı broşürlər təqdim edib.

Sonda institutun direktoru Müsəlman İntibah Dövrünün yaranıb inkişaf etməsində Azərbaycan alimlərinin xidmətlərini xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.