ELM VƏ TƏHSİL
Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda müzakirə edilən mühüm məsələlərdən biri Tarix İnstitutunun əməkdaşlarının noyabrın 18-dən 21-dək İranın Təbriz şəhərində keçirilmiş elmi konfransda iştirakı olub. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr edilmiş tədbir AMEA Tarix İnstitutu və Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Məsələ ilə bağlı məruzə edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli bildirib ki, institutun əməkdaşları həmin konfransda “Füzuli dövründə Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Füzulinin əsərlərinə yazdığım nəzirə və təxmislər”, “Füzulinin həyat və yaradıcılığı Qərb tədqiqatçılarının əsərlərində” mövzularında məruzələri dinlənilib. Alimlərimizin çıxışları konfrans iştirakçılarının diqqətini cəlb edib.
İclasın sonunda yaxın gələcəkdə Tarix İnstitutu və Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda “Səfəvi dövlətinin Cənubi Qafqaz, Yaxın və Orta Şərq tarixində yeri və rolu” mövzusunda müştərək elmi konfransın keçirilməsi qərara alınıb.