ELM VƏ TƏHSİL
Tarix İnstitutunun alimləri Türkiyədə keçiriləcək beynəlxalq simpoziumda məruzə edəcəklər
Bakı, 22 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov və bu elm müəssisəsinin bir qrup əməkdaşı sentyabrın 25-dən 27-dək Türkiyənin Ərzurum şəhərində keçiriləcək Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunan beynəlxalq simpoziumda iştirak edəcəklər.
Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 25-də Beynəlxalq simpoziumun plenar iclasında Yaqub Mahmudov məruzə ilə çıxış edəcək.
Beynəlxalq tədbirdə institutun əməkdaşları - elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Birinci Dünya müharibəsində Böyük Güc dövlətlərinin hərbi və siyasi planlarında neftin rolu”, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Erməni dövləti qurmaq siyasətinin acı nəticələri: Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar” mövzularında məruzələr edəcəklər.
Simpoziumda institutun digər alimlərinin də məruzələri dinləniləcək.