ELM VƏ TƏHSİL


Tarix Muzeyinin 2016-cı il nəşrlərinin təqdimatı olub

Bakı, 8 iyun, P.İmanova, AZƏRTAC

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi 2016-cı il nəşrlərini təqdim edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçılar muzeyin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbirin elmi baxımdan əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun mədəniyyət ocağı olması ilə bərabər, elmi təşkilat kimi də fəaliyyətindən, burada aparılan tədqiqat işlərindən söhbət açıb. Qeyd olunub ki, muzeydə saxlanılan tarixi eksponatları öyrənmək, onları təqdim, təbliğ və nəşr etdirmək bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində, təbliğində və ictimaiyyətə çatdırılmasında muzeyin rolunu xüsusi qeyd edən direktor təqdim olunan nəşrlər barədə ətraflı məlumat verib. Bildirib ki, muzey elmi məqalə toplusu, kitablar, kitab-albomlar, kataloqlar olmaqla ümumilikdə 11 nəşr təqdim edir.

N.Vəlixanlı deyib: “Muzeydə orta əsr tarixinə aid mənbələr çoxluq təşkil edir. Tariximizin öyrənilməsində bu əsrlərə aid mənbələrin rolu böyükdür. Artıq neçə ildir biz ekspozisiyada nümayiş olunmayan eksponatları müəyyən sahələr üzrə kataloq şəklində nəşr etdiririk. Bu il də muzey tərəfindən iki mühüm kataloq çap olunub”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tarixinin, elminin inkişafında Milli Azərbaycan Tarixi Muzeyinin xidmətlərini xüsusi qeyd edərək yeni nəşrlərin əhəmiyyətindən danışıb.

Muzeydə qorunub saxlanılan materialların cəmiyyətə təqdim olunmasını yüksək dəyərləndirən akademik İ.Həbibbəyli yeni nəşrlərin AMEA-nın əməkdaşları və müxtəlif elmi müəssisələri üçün dəyərli mənbə olacağına əminliyini bildirib. Deyib ki, bu elmi nəşrlərin ictimaiyyətə, tədqiqatçılara təqdim olunması mədəniyyətimizin və tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

İ.Həbibbəyli “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər”, “Şeyx əs-Siləfi və Azərbaycan”, “Qafqaz pulları” kitabları və digər nəşrlər haqqında fikirlərini bölüşüb.

Diqqətə çatdırılıb ki, akademik N.Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” kitabında orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycanın VII əsrin ortalarına yaxın yeni dünya imperiyasının - Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altıəsrlik dövrü əhatə olunub. Həmçinin kitabda həmin dövrün ərəbdilli 15 qaynağından Azərbaycana dair məlumatın şərhlərlə tərcüməsi verilib, ərəb işğalı nəticəsində Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılıb. Əsərdə, o cümlədən Xilafətlə Azərbaycanın, eləcə də IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilib.

Tədbirdə çıxış edənlər təqdim olunan nəşrlər barədə təəssüratlarını bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.