ELM VƏ TƏHSİL
Tarixçilər Quba məzarlığı ilə bağlı sərəncamı rəğbətlə qarşılayıblar
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın Quba məzarlığının son durumunun müzakirəsinə həsr olunmuş iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam barədə tarixçi alimlərə ətraflı məlumat verilib. İnstitutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib: “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam tarixçi alimlər arasında böyük rəğbətlə qarşılanıb. Quba məzarlığı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutudur”.
Toplantıda bildirilib ki, “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə insan sümüklərinin çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Buna görə də sərəncama əsasən, muzey kompleksindəki cəsəd qalıqlarını qorumaq məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov rəhbərlik edir.
İnstitutun direktoru çıxışında Qubadakı məzarlığın qorunmasının, oradakı qalıqların çürüməsinin qarşısı alınmasının və sümüklərin xüsusi mühitdə saxlanılmasının vacibliyini vurğulayıb.