ELM VƏ TƏHSİL


“Tarixə səyahət” muzey kinoklubunda ilk film nümayiş olunub

Bakı, 21 aprel, X.Cəfərova, AZƏRTAC

Aprelin 21-də Milli Azərbaycan Tarixi Muzeyinin “Tarixə səyahət” kinoklubunda ilk film nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, təqdim olunan “Divlər sarayı” sənədli filmin ssenari müəllifləri Məmmədəli Hüseynov, Fərəməz Səfiyev, rejissoru Musa Bağırovdur. Sənədli film ən qədim insan məskənlərindən olan Azıx mağarasına həsr edilib.

Nümayişdən sonra filmin müzakirəsi keçirilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Azərbaycanın uzaq keçmişinin, tarixinin canlı sübutu olan Azıx mağarası dünyanın ən qədim insan məskənlərindəndir. Arxeoloji abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı göstərdi ki, Azərbaycanda təxminən 350-400 min il bundan əvvəl insan yaşayıb. Azıx mağarasından tapılmış 18-20 yaşlı qadına məxsus bu alt çənə sümüyünün parçasının mulyajı Tarix Muzeyində nümayiş olunur, əsli isə xüsusi fondda saxlanılır.

Akademik bildirib ki, Azıx Qafqazda indiyədək aşkarlanmış mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən Ermənistanın işğalı altındadır. Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmalarına imkan verilmirdi.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova bildirib ki, 1968-ci ilin iyununda Azərbaycan paleontologiyası məktəbinin banisi, paleontoloq, arxeoloq, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının Azıx düşərgəsində apardığı qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə sümüyü aşkarlanıb. M.Hüseynov tərəfindən tapılmış bu çənə sümüyü Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırıb. Dünyanın müxtəlif ölkələrinin mütəxəssisləri Bakıya gəlib Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlayıblar.

Alim qeyd edib ki, hazırda Ermənistanın işğalı altında olan Azıx mağarasında düşmən ölkə qazıntılar aparır. Hətta bununla bağlı erməni kütləvi informasiya vasitələri məlumatlar yayaraq araşdırmaların davam etdiyini bildirib.

Tədbirdə iştirak edən tarixçi alimlər, incəsənət xadimləri sənədli film haqqında fikir və mülahizələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.