MƏDƏNİYYƏT
“Tarixi abidələr bu gün və sabah mühafizə problemləri” mövzusunda səyyar seminar-treninqə start verilib
Bakı, 21 iyun, AZƏRTAC
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində İsmayıllı regional mərkəz olmaqla Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri” mövzusunda səyyar seminar-treninqə start verilib.
İyunun 24-dək davam edəcək səyyar seminar-treninq Mədəniyyət və turizm nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği, bərpası və inkişaf etdirilməsi məqsədilə təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səyyar seminar-treninq mərkəzin direktoru Ramazan Şabanov tərəfindən açıq elan edilib. Açılışda İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elnur Hüseynov da iştirak edib.
Seminar-treninqə əhatə olunan rayonlar üzrə 33 nəfər abidə mühafizəçisi qatılıb. Treninqin mövzularını “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlər, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişafı məsələləri əhatə edir.
Treninqə mərkəzin bir qrup əməkdaşı, mütəxəssis olaraq isə Mədəniyyət və Turizm Nazirliyinin sabiq məsul işçisi, mərkəzin müəllimi Arif Əliyev, Azərbaycan Turizm və Menecment Universitetinin ictimaiyyətlə əlaqələr təlim mərkəzinin əməkdaşı İqbal Aslanlı, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları İdris Əliyev, Xəqani Alməmmədov və digər mütəxəssis müəllimlər də cəlb olunub.