CƏMİYYƏT
Tarixi areallarına buraxılmış ceyranlarda təbii artım müşahidə olunur
Ölkəmizdə ceyranların tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi layihəsinin icrası davam etdirilir.
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Heydər Əliyev Fondu, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilməkdədir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində artıq 2010-2014-cü illər ərzində 150 baş ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılıb. Belə ki, Qobustan-Cəngiçay, Acınohur düzü, Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğu və Gürcüstanın Azərbaycanla sərhəd ərazilərində ceyranların yerləşdirilməsi tədbirləri həyata keçirilib. Bir neçə erkək fərdin boynuna siqnalötürücü xalta bağlanılıb və ceyranlar peyk vasitəsilə izlənilir. Qobustan-Cəngiçay vadisinə buraxılmış və boynuna siqnalötürücü xalta salınan ceyranlardan daxil olan siqnallar izlənərkən ceyran fərdlərindən birinin hərəkətsizliyi müşahidə olunub. Əraziyə baxış zamanı həmin ceyranın canavarlar tərəfindən məhv edildiyi, yerində xalta ilə skeletin qaldığı müəyyən edilib.
Ceyranların tarixi arealı hesab olunan Qobustan-Cəngiçay ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması mütəxəssislər tərəfindən məqsədəmüvafiq sayılıb, bununla bağlı nazirlik tərəfindən torpaqayırma sənədlərinin hazırlanması üçün lazımi işlər görülərək aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırılıb. Ərazidə yasaqlıq yaradılması ilə bağlı torpaq istifadəçiləri ilə ilkin razılaşma əldə edilməsinə baxmayaraq, müvafiq qurumlar tərəfindən bu ərazilərin qış otlaq sahələri kimi istifadə olunduğu əsas gətirilərək yasaqlığın yaradılması məqbul hesab edilməyib. Halbuki qanunvericiliyə əsasən əraziyə yasaqlıq statusunun verilməsi torpaq üzərində mülkiyyət hüququnu dəyişmir və yalnız bu ərazilərdə ceyranların mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur.
Bununla belə, ceyranların mühafizəsi məqsədilə sözügedən ərazilərin torpaq istifadəçilərindən, yerli icma nümayəndələrindən, fermerlərdən, xüsusən çobanlardan ceyranların mühafizəsi və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə müvafiq iltizamlar alınmış, brakonyerliyin qarşısının alınması üçün müvafiq ictimai qruplar təşkil edilmiş, maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilmişdir.
Aparılan müşahidələr göstərir ki, Gürcüstana buraxılmış ceyranların bir hissəsi artıq ölkəmizin Gürcüstanla sərhədində yerləşən Ceyrançöl adlanan əraziyə doğru miqrasiya edib. Bu məlumatlar da siqnalötürücü xalta daşıyan ceyran fərdlərindən gələn siqnallardan alınıb.
Araşdırmaların nəticələrinə görə, sözügedən ərazilərdə məskunlaşma prosesi keçən ceyranların erkək fərdləri mütəmadi olaraq yaşayış üçün uyğun hesab etdikləri areallara miqrasiya edir, özləri ilə dişi ceyran sürülərinin də həmin ərazilərə miqrasiyasına şərait yaradır.
Hazırda içərisində boynuna siqnalötürücü xalta bağlanmış ceyran fərdləri olan 5 sürünün hər birindən (Korçayda 1 sürü, Acınohurda 2 sürü, Gürcüstanda 2 sürü) siqnallar alınır və tarixi ərazilərinə qaytarılmış bütün ceyran sürülərində təbii artım müşahidə olunur.