MƏDƏNİYYƏT
“Tarixi özündə yaşadan kənd Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında salnamə” adlı kitab çapdan çıxıb
Bakı, 29 may, Zərəngiz Mansurova, AZƏRTAC
Telejurnalist Kamil Məhərrəmoğlunun (Nehrəmli) “Tarixi özündə yaşadan kənd Nehrəmin şanlı tarixi və şəxsiyyətləri” kitabı nəfis tərtibatda “Xan” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, telejurnalist Kamil Məhərrəmoğlunun doğma kəndi ilə bağlı qələmə aldığı bu kitab xarakterinə görə tədqiqat əsəridir. Müəllif Nehrəmin təkcə bu gününü deyil, dünənini, uzaq keçmişini araşdırıb. Nehrəmlilərin özünəməxsusluğunu tanınmış şəxsiyyətlərin, ziyalıların, eləcə də sadə nehrəmlilərin dili ilə göstərməyə çalışıb. O, oxucuya bu kəndin bənzərsiz dini, məişət adətləri barədə maraqlı hadisələr, əhvalatlar çatdırıb.
Kitabda “Nehrəmlilərin təsərrüfat işləri”, “Yaxşılıq neçə min ilməli hana”, “Ulu Öndərlə unudulmaz xatirələr”, “Təhsilimizdə nehrəmlilərin rolu”, “Torpaq və yurd uğrunda mübarizə”, “Cəlil Məmmədquluzadə və Nehrəm”, “ Bir dostluğun tarixçəsi” və digər yazılarda Nehrəm və nehrəmlilər haqqında məlumatlar, bu torpaqda böyüyə hörmət, ehtiram, kiçiyə qayğı, mehribanlıq və başqa müsbət insani keyfiyyətlər əks etdirilib.
Kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, “Ön söz”ün müəllifi İmran Bədirxanlıdır.