REGİONLAR


Tariximizin bu günədək gəlib çatan silinməz izi - Cavanşir qalası VİDEO

A+ A

İsmayıllı, 24 avqust, Adil Ağayev, AZƏRTAC

Cavanşir qalası İsmayıllı rayonunun Talıstan kəndindən 3 kilometr məsafədə, Ağ çay dərəsindən 500-600 metr yüksəklikdəki dağın zirvəsində yerləşir. Qalaya yeganə gediş cənub tərəfdən sərt yamacları olan dolanbac yoldur. Bu da onun güclü müdafiə qalası olduğunu göstərir. Təsadüfi deyil ki, aparılan ilkin tədqiqatlar qalada heç bir basqın izinin olmadığını göstərib.

AZƏRTAC xəbər verir ki, kirəc məhlulu ilə çay daşından tikilən qalanın qalınlığı 2, hündürlüyü isə 10 metrə çatır. Qalanın sahəsi təxminən 2 hektara yaxındır. Diametri 8 metrə çatan 6 bürcü var.

Cavanşir qalası bölgədəki digər qalaların əksəriyyəti kimi qədim Albaniya tarixinə aiddir. Albaniya tarixinin son dövrləri onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış dövlət xadimi, sərkərdə Cavanşirin adı ilə bağlıdır. Qala VII əsrdə Qafqaz Albaniyasının Mehranilər sülaləsinin hakimiyyəti dövründə sərkərdə Cavanşir tərəfindən tikilib.

Qalanın tam sxemini 1963-cü ildə coğrafiya elmləri doktoru professor Ramazan Tarverdiyev bussol planaalma yolu ilə tərtib edib. Qalanın mövcudluğu barədə də elmi ictimaiyyətə ilk dəfə 1966-cı ildə coğrafiyaşünas alim məlumat verib. Tarixçi alim, arxeoloq Fazil Osmanov, tarix elmləri doktoru, professor Qafar Cəbiyev Cavanşir qalası barədə maraqlı araşdırmalar çap etdiriblər.

Əlbəttə, Azərbaycan tarixinin sirli xəzinələrindən olan Cavanşir qalasının kompleks tədqiqatlara böyük ehtiyacı var. Son vaxtlar qala ilə maraqlanan turistlərin də sayı artıb. Füsunkar gözəlliyə malik, dağlar qoynunda, dörd bir tərəfi meşələrlə əhatələnən ecazkar Qaranohura gedən iki yoldan biri də qalanın ətəklərindən keçir.

Yaşlı nəsil bu qaladan danışanda həmin yerdən 7 kilometr aralıda yerləşən “Qız qalası”na yeraltı tunelin olması, sərt qayalardan, keçilməz dağlardan gizli yol çəkilməsi kimi rəvayətlərdən bəhs edirlər. Bütün bunların üzə çıxarılması isə tariximizin bir çox səhifələrini zənginləşdirməklə yanaşı, yeni tədqiqatlara da yol açacaq.

Şübhə yoxdur ki, tarixçilərimiz və arxeoloqlarımız tariximizin günümüzədək gəlib çatan silinməz izlərindən olan Cavanşir qalası barədə bizi geniş və dolğun tədqiqatlarla sevindirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.