CƏMİYYƏT
Tariximizlə bağlı eksponatlar Naxçıvan məktəblilərinin böyük marağına səbəb olub
Bakı, 24 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət qruplar martın 24-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, məktəblilərə muzeyin tarixi, fəaliyyəti, burada qorunan müxtəlif əsrlərə aid çox dəyərli eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məşhur xeyriyyəçi, neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyində çoxlu sayda tarixi eksponat qorunur və H.Z.Tağıyevin ev muzeyi yerləşir. Muzey ilə tanışlıq şagirdlərdə böyük marağa səbəb olub.
Muzey Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzeyin ekspozisiyaları tariximizin nə qədər qədim və zəngin olduğunu göstərir.
Muzeydə məktəblilər ekspozisiyalar və eksponatlarla yaxından tanış olublar.
Şagirdlər Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.