REGİONLAR
Tarixin sirlərini özündə gizlədən Lerik mağaraları
Lerik, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonu ibtidai insanların yaşadığı qədim yaşayış məskənlərindən biridir. Rayonunun təbii coğrafi şəraiti, burada ibtidai insanların məskunlaşması üçün əlverişli mağaraların mövcudluğu, ərazidə paleolit abidələrinin geniş yayılması bunu deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, arxeoloji qazıntılar rayon ərazisində 120-180 min il bundan əvvəl qədim insanların məskunlaşdığını üzə çıxarıb. Rayondakı Zuvand çayının sol sahilində yerləşən dağ silsiləsində 200-ə qədər mağara mövcuddur. Dağın yamacından tutmuş 1640 metr yüksəkliyə qədər uzanan bu mağaraları yerli əhali “koç” (köç) adlandırır. Bu, həmin mağaralarda məskunlaşan qəbilə və ailələrin daim yerini dəyişməsi, köç edib başqa mağarada yerləşməsi ilə bağlıdır.
İllərə, əsrlərə şahidlik edən mağaraların indi yeganə sakinləri yarasalar olsa da, burada tapılan maddi-mədəniyyət nümunələri həmin ərazilərin qədim insan məskənləri olduğunu deməyə əsas verir.
Rayonda olan mağaraların çoxu insan adları ilə bağlıdır - Muti, Lələ, Həzi, Məmmədəli mağarası və s.
Onların ölçüləri isə müxtəlifdir. Bəzilərinin hündürlüyü 5-6 metrə, uzunluğu isə 35 metrə çatır.
Burada zaman-zaman müxtəlif tədqiqat işləri aparılsa da, mağaraların tam tədqiqi başa çatdırılmayıb.
Tarixçilər tədqiqatlar nəticəsində həmin ərazilərdə daha maraqlı faktların ortaya çıxacağını istisna etmirlər. Buna görə də mütəxəssislər Zuvand çayının sahillərində ətraflı arxeoloji tədqiqatların davam etdirilməsini vacib sayırlar.