MƏDƏNİYYƏT


Tarzən Ramiz Quliyev Kanadada keçirilən festivalda ölkəmizi təmsil edib

Bakı, 31 iyul, AZƏRTAC

Kanadanın Toronto şəhərində “Tirqan” milli musiqi, kino və teatr beynəlxalq festivalı keçirilib. Festival “Tirqan” beynəlxalq fondu və “Harbourfront” mərkəzinin təşkilati dəstəyi ilə baş tutub. Ümumilikdə 70-dək musiqi, rəqs, kino və teatr layihəsini birləşdirən beynəlxalq forumda ABŞ, Kanada, İran, Türkiyə, Rusiya və digər ölkələrdən sənət xadimləri iştirak ediblər. Festivalın təntənəli açılış mərasimi sufi musiqisinin təqdimatı ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı beynəlxalq festivalda tarzən, Xalq Artisti, professor Ramiz Quliyev təmsil edib. İki geniş solo konsert proqramı ilə çıxış edən tarzəni məşhur pianoçu, ICOT Beynəlxalq Musiqi Təşkilatının bədii rəhbəri Mazyar Heydəri (Kanada) və zərb alətləri ifaçısı Əli Məsudi müşayiət ediblər. Torontonun məşhur “Harbourfront Center” teatrının böyük zalında gerçəkləşən ilk konsert anşlaqla keçib. Həmin gecə Ramiz Quliyev və kanadalı musiqiçilərin ifasında Azərbaycan musiqisinin ən parlaq nümunələri təqdim olunub. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Qəmbər Hüseynli, Vasif Adıgözəlov, Həsən Rzayevin əsərləri ilə bərabər, klassik muğamlarımız, xalq mahnılarımız əsasında improvizasiyalar və dünya musiqisindən parçalar yer alıb. Hər əsərin ifasından sonra tamaşaçılar Azərbaycan tarını ayaq üstə alqışlayıblar.

İkinci solo konsert – festivalın rəsmi bağlanış mərasimi professor Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunub. Konsertdən öncə “Tirqan” festivalının prezidenti Meladid Armanejad tarzəni təbrik edib və festivalda iştirakına görə ona təşəkkürünü bildirib. Çıxışın sonunda festivalın ən yüksək mükafatı və xüsusi diplomu Ramiz Quliyevə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.