DÜNYA
Tatarıstanlı zəvvarlar Məkkəyə velosipedlə yola düşəcəklər
Tatarıstanın müftisi Kamil Samiqullin Naberejnıye Çelnıdan Məkkəyə həcc ziyarətinə velosipedlə yola düşmək niyyətində olan bir qrup dindara xeyir-dua verib. Bu barədə Tatarıstan Müsəlmanları Dini İdarəsinin mətbuat katibi Əhməd Xalikov məlumat verib.
AZƏRTAC Tatarıstanın KİV-lərinə istinadla xəbər verir ki, Xalikov deyib: “Naberejnıye Çelnıdan olan beş cavan həccə velosipedlə getmək qərarına gəlib. Bu, onların ideyasıdır. Ruhani idarəsi bu ideyanı həyata keçirməyə yalnız kömək edəcəkdir. İndiyə qədər respublika sakinlərindən heç kəs bu yolla həcc ziyarətinə getməyib”.
KamAZ velosipedçilərin həccə getməsinə kömək etmək niyyətindədir. Səfər 2015-ci ilin iyun-sentyabr aylarına nəzərdə tutulub. Entuziastlar Rusiya, Azərbaycan, İran, İraq və Küveytin ərazilərindən keçərək, 5,4 min kilometr məsafə qət edəcəklər. Yolda onlar insanı Allaha aparan yol haqqında sənədli film çəkməyə hazırlaşırlar.
Müasir dövrdə müsəlmanlar Məkkəyə komfortlu təyyarələrlə uçurlar. Halbuki yaxın keçmişimizdə bu səyahətə aylarla vaxt sərf edilirdi.