REGİONLAR


Tatların ən əziz qonaqlarına təqdim etdiyi tat çığırtması VİDEO

A+ A

Quba, 6 avqust, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın şimal bölgəsində qonaqlara təqdim olunan ən dadlı təamlardan biri də tat çığırtmasıdır. Adından göründüyü kimi, bu yemək bölgədə yaşayan azsaylı xalqlardan olan tatlara məxsusdur. Tatlar qədim adət-ənənələri, mədəniyyəti ilə yanaşı, ləziz mətbəxi ilə də seçilir.

Quba rayonunun II Nügədi kənd sakini Nuriyyə Abdullayeva AZƏRTAC-a müsahibəsində bildirib ki, bu yeməyi ləzzətli edən əsas cəhətlər kənd çolpasından hazırlanması və ocaqda bişirilməsidir.

Xörəyin hazırlanmasında kənd çolpası, kərə yağı, soğan, yumurta, sarıkök, duz və istiotdan istifadə olunur. Toyuq təmizlənib bütöv parçalara ayrılır. Qaynayan suda azacıq pörtülür. Başqa bir qazanda xırda doğranmış 4–5 ədəd baş soğanı nehrə yağında qovurur və toyuğu da buraya əlavə edirlər. Ya da doğranmış soğan ətlə birlikdə qovrulur. Bir neçə dəqiqəyə toyuq qızarır.

Sonra bir stəkan suyun içərisinə 1 çay qaşığı üzüm sirkəsi əlavə edib qarışdırır və yeməyin içinə tökürlər. Bəzən zövqə görə yemək bişirilərkən tomat da əlavə olunur. Yemək qaynamağa başlayınca onun üzərinə 4–5 ədəd yumurta qırırlar. Süfrəyə verildikdə isə üzərinə doğranmış göyərti səpilir.

Quba-Xaçmaz zonasında hər kəs çığırtmanı tatların hazırladığı formada bişirir. Tatlar bu yeməyi ən əziz qonaqlarına təqdim edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.