SİYASƏT
Tatyana Anodina: Heydər Əliyevi bütün dünya tanıyır və xatırlayır
Bakı, 10 may, Laçın Sultanova, AZƏRTAC
Heydər Əliyev təkcə öz xalqı və ölkəsi üçün böyük şəxsiyyət olmayıb, onu bütün dünya tanıyır və xatırlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri, professor Tatyana Anodina söyləyib.
O deyib: “Heydər Əliyevin adı biz aviatorlar üçün xüsusilə əzizdir, çünki aviasiyanın inkişafının, Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin yaradılmasının təməlində o dayanıb. Aviasiya onun xüsusi diqqət yetirdiyi sahələrdən biri olub, çünki bu sahə ölkənin təhlükəsizliyi, dünyanın təhlükəsizliyi və insanların təhlükəsizliyi ilə bağlıdır. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən zaman aviasiya məsələləri ilə məşğul olub və sahənin əsas qanunu – Hava Məcəlləsi onun rəhbərliyi ilə yaradılıb. Buna görə də mülki aviasiyanın daha səmərəli və təhlükəsiz inkişafı üzrə mühüm sənədlərin məhz mayın 10-da - Heydər Əliyevin doğum günündə Dövlətlərarası Şuranın Bakıdakı qərargahında imzalanması rəmzi haldır.
T.Anodina Prezident İlham Əliyevə də böyük təşəkkürünü bildirərək, onu əsası Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm işin layiqli davamçısı adlandırıb. Dövlətlərarası Şuranın prezidenti T.Anodina deyib: “Mülki aviasiyanın infrastrukturunun inkişafı, onun təhlükəsizliyi və beynəlxalq əlaqələrin genişlənməsi daim Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Bakıya - Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlər Azərbaycanın necə gözəl ölkə olduğunun şahidi olurlar. Bu hava limanının yüksək səviyyəli infrastrukturunu görən qonaqlar başa düşürlər ki, inkişaf etmiş müasir dövlətin ərazisinə gəliblər”.
T.Anodina Bakıda Dövlətlərarası Şuranın qərargahının fəaliyyəti üçün yaradılan gözəl şəraitə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirməklə bərabər, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə uzunmüddətli peşəkar və insani münasibətlərini səmimiyyətlə və böyük ehtiramla vurğulayıb.