İQTİSADİYYAT


“Tax free” sisteminin ölkə ərazisində praktiki tətbiqi” mövzusunda təlim keçirilib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyində “Tax free” sisteminin ölkə ərazisində praktiki tətbiqi” mövzusunda təlim keçirilib. Təlimdə Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Təlimdə çıxış edən Vergilər Nazirliyinin şöbə rəisi Səfərəli Cavadov ölkə iqtisadiyyatının diversifikasiyası, ölkəyə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “tax free” sisteminin respublikamızda tətbiqinə başlanıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin cari ilin 12 iyul tarixli Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib.

Dövlət başçısının 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nə uyğun olaraq, Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə yaxın vaxtlarda Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (“tax free”) sisteminin Heydər Əliyev Beynəlxalq Aeroportundan başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması nəzərdə tutulur. Bu, vergilər nazirinin müvafiq əmri ilə “Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə Tədbirlər Planı”nda da öz əksini tapıb.

Vergilər Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin bölmə rəisi Kənan Əliyev təlim iştirakçılarına “tax free” sisteminin Bakı beynəlxalq hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması istiqamətində görülən işlər barədə, ƏDV ödəyiciləri, gömrük orqanı və müvəkkil bankın vəzifələri barədə məlumat verib.

Sonra təlim iştirakçılarının “tax free” sisteminin tətbiqi, ƏDV-nin geri qaytarılması prosesi ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.