REGİONLAR
Taxıl sahələrinin yandırılması məhsuldarlığın 20-30 faiz azalmasına səbəb olur
Bakı, 5 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti aşağı düşür, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb edilir.
Bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton həcmində üzvi gübrə verilməsi lazımdır. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur.
Qeyd edilənləri nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmalarını və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparmalarını tövsiyə edir.