REGİONLAR


Taxtakörpü su anbarı Bakı və Sumqayıtın su təchizatında da mühüm rol oynayır VİDEO

Şabran, 14 iyun, Elxan Yusifli, AZƏRTAC

Son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının, ölkənin şimal zonasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə olunan suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 14-ü Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması münasibətilə təşkil olunan mərasimdə məlumat verilib.

Mərasimdə Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digərləri iştirak ediblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə çıxışında bildirib ki, Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması münasibətilə təşkil olunan mərasimin dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olan 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində təşkil edilməsi rəmzi xarakter daşıyır. Məhz ulu öndər Heydər Əliyevin tapşırığına əsasən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edən, uzun illər fasiləsiz, təmirə dayanmadan istismar olunan Samur-Abşeron suvarma sistemində yaranmış vəziyyət araşdırılmış və ən əlverişli variant kimi onun yenidən qurulması təklif olunmuşdu. Heydər Əliyev 1994-cü ildə Səudiyyə Ərəbistanında səfərdə olarkən, İslam dünyasının ona böyük hörmət əlaməti olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi üçün güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına qrant ayırıb. Bu qrant hesabına beynəlxalq məsləhətçi şirkətlər tərəfindən 1996-cı ildə hazırlanmış sxem 1997-ci ildə ölkə rəhbərliyi tərəfindən bəyənilib.

Əhməd Əhmədzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi”ndə nəzərdə tutulan işlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə təməlqoyma mərasimi 2007-ci il noyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. “Mərhələli şəkildə görülən işlər 7 il ərzində uğurla başa çatdırılıb və 2013-cü il sentyabrın 28-də Prezident İlham Əliyevin və ölkənin Birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olub. Ölkə başçısı Taxtakörpü su anbarını respublikanın su təhlükəsizliyinə xidmət edən infrastruktur layihəsi kimi yüksək qiymətləndirib. Eyni zamanda, Taxtakörpü su anbarında duruldulmuş, saniyədə 40 kubmetr suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi üçün ümumi uzunluğu 107,33 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalı istifadəyə verilib”, - deyə ASC sədri bildirib.

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov Azərbaycanda dövlətçiliyin qorunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, meliorasiya və su təsərrüfatı sahəsində də irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin ideya müəllifi məhz ümummilli lider Heydər Əliyev olub. Azər Əmiraslanov deyib: “Taxtakörpü su anbarının böyük əhəmiyyəti var. Bu, həm də dövlətimizin iqtisadi gücünün, qüdrətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Taxtakörpü su anbarının açılış mərasimində iştirak edərkən layihənin önəmini xüsusi vurğulayıb. Digər tərəfdən nəzərə almalıyıq ki, bu, regionların inkişafı baxımından da olduqca əhəmiyyətlidir. Ölkə başçısının təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafı istiqamətində infrastrukturun gücləndirilməsi ilə bağlı əhəmiyyətli addımlar atılır. Biz artıq bunun bəhrəsini görürük. Bildiyiniz kimi, yeni mərhələdə genişmiqyaslı işlər həyata keçirilən kənd təsərrüfatından böyük gözləntilərimiz var. Məhz belə bir ərəfədə Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması bu regionda kənd təsərrüfatının inkişafına yeni nəfəs verir. Su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Bu da o deməkdir ki, neft gəlirlərimiz qeyri-neft sektorunun, iqtisadiyyatın inkişafına xidmət etməkdədir”.

Azər Əmiraslanov qeyd edib ki, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının tikintisinin və digər işlərin başa çatdırılması ilə eyni zamanda Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin içməli su təchizatının iki dəfəyə qədər artırılmasına, 150 min hektar suvarılan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, 31 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinə və regionun ekoloji vəziyyətinin sağlamlaşdırılmasına imkan yaranıb.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev isə çıxışında layihənin ölkənin enerji təminatındakı rolundan bəhs edərək bildirib ki, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası şimal rayonları üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda içməli su ehtiyatları az olduğundan bu cür anbarlarda toplanan su əhalinin təminatında vacib rol oynayır.

Mərasimdə çıxış edən digər natiqlər də Taxtakörpü su anbarının əhəmiyyəti barədə danışaraq, onu regionda ən böyük layihə kimi qiymətləndiriblər.

Bildirilib ki, 2014-2016-cı illərdə Taxtakörpü su anbarı zonasında yerləşən Xızı və Siyəzən rayonlarında ümumilikdə 13 min 918 hektar sahədə meliorativ tədbirlər başa çatdırılıb ki, onun da 10 min 801 hektarı yeni suvarılan torpaqlardır. 2017-ci ildə isə Xızı, Siyəzən və Şabran rayonlarında 20 min 718 hektar, o cümlədən 10 min 969 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək və 9 min 749 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsi bu ərazilərdə iri təsərrüfatların və aqroparkların yaradılmasına geniş imkanlar açır.

Çıxışlardan sonra mərasim iştirakçılarına Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması prosesinin gedişatı barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.