DÜNYA
Tayvan: zəlzələdən iki gün keçsə də, dağıntılar altında sağ qalan insanlar var
Bakı, 8 fevral, AZƏRTAC
Tayvanda zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir. Son məlumata görə, 38 nəfər həyatını itirib, 110 nəfərdən çox insan isə itkin düşüb. Faciədən iki sutka keçməsinə baxmayaraq, xilasedicilər hələ də sağ qalan insanları dağıntılar altından çıxarmaqda davam edirlər .
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hökumət zəlzələ zamanı dağılan 17 mərtəbəli “Qızıl əjdaha” yaşayış binasının inşası zamanı tikinti qaydalarına nə dərəcədə riayət edilməsi ilə bağlı təhqiqata başlayıb. Ümumilikdə binada 256 nəfərin yaşadığı 96 mənzil olub. Binanın tikintisi zamanı işlədilən sementin və poladın keyfiyyətsiz olduğuna dair şübhələr var. Buna bənzər problemlər artıq 1999-cu il zəlzələsi zamanı da aşkara çıxmışdı.
Xatırladaq ki, fevralın 6-da gecə saatlarında Tayvanda baş verən 6,4 bal gücündə yeraltı təkanlar xüsusilə Taynan bələdiyyəsində onlarla binanın dağılması ilə nəticələnib.