DÜNYA
Tayvanda güclü qasırğa nəticəsində azı 180 min ev işıqsız qalıb VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Tayvanda bu ilin ən güclü qasırğası tüğyan edir. Mərkəzi Meteoroloji Xidməti “Merantı” adlı qasırğaya tropik siklon şkalası üzrə ən yüksək – 5-ci dərəcə verib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, sentyabrın 14-də ölkənin cənub sahillərində küləyin sürəti saatda 263 kilometrə çatıb. Bütün balıqçılara limanlara qayıtmaq göstərişi verilib. Şəhərlərdə məktəblər bağlanıb, insanlar işə getməyib.
Qasırğa nəticəsində azı 180 min ev elektrik enerjisiz qalıb. Bəzi təhlükəli ərazilərdən 1500-dək insan təxliyə olunub. Yollar su altında qalıb, ölkənin şərqində qatarların hərəkəti dayanıb, bütün daxili aviareyslər ləğv edilib.
Sinoptiklər bu gün qasırğanın pik həddinə çatacağını və şimal-qərbə - Tayvan boğazına doğru hərəkətini davam etdirəcəyini proqnozlaşdırırlar.
Təbii fəlakət nəticəsində həlak olanlar barədə məlumat verilməsə də, hökumət xeyli dağıntıların olduğunu bildirib.