DÜNYA
“Tbilisi-2015” Olimpiya festivalı ilə əlaqədar gümüş sikkələr hazırlanacaq
Tbilisi, 24 may, AZƏRTAC
Gürcüstan Milli Bankı bu ölkədə keçiriləcək “Tbilisi-2015” Avropa gənclərinin beynəlxalq Olimpiya festivalı ilə əlaqədar gümüş sikkələr sifariş verib.
Hər biri 10 lari nominalda (təxminən 4,5 dollar) hazırlanacaq sikkələr 925 əyarlıq gümüşdən olacaq və çəkisi 15,5 qram təşkil edəcək.
Artıq sikkənin loqotipi və dizaynı hazırlanıb. Sikkənin üzərində Avropanın xəritəsi, Avropa Olimpiya Komitəsinin loqotipi və Gürcüstan milli valyutasının simvolu əks olunacaq.
Polşada hazırlanacaq sikkələr 3 min ədəd sifariş verilib və ölkəyə gətirildikdən sonra onları Gürcüstan Milli Bankının mərkəzi xəzinəsindən, eləcə də www.moneymuseum.nbg.gov.ge online sistemi ilə almaq olacaq.
Qeyd edək ki, Avropa gənclərinin Olimpiya festivalı Gürcüstanda ilk dəfə iyulun 26-dan avqustun 2-dək keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi