CƏMİYYƏT
Tbilisi Dövlət Universitetinin kollektivi Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlandırılıb
Tbilisi, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Bu universitetdəki Azərbaycanın Dostları Klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, universitetin professor, müəllim heyəti, tələbələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Dostları Klubunun rəhbəri Leyla Əmrahova çıxış edərək Ümummilli Liderin həyat yoluna nəzər salıb. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu siyasətin bariz nümunəsi kimi, azərbaycanlı tələbələrin Gürcüstanın müxtəlif universitetlərində Azərbaycan dövlətinin vəsaiti hesabına təhsil aldıqlarını xüsusi qeyd edib.
Samirə Ağayeva ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının qazandığı uğurlar barədə məlumat verib.
Sonra universitetin professoru Çiço Baramidze, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev, Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin müəllifi olduğu regional layihələrin əhəmiyyətindən, Azərbaycan-Gürcüstan dostluğundan danışıblar.
Daha sonra Xalq Şairi Zəlimxan Yaqubun Heydər Əliyevə həsr olunmuş şeirlərindən ibarət kompozisiya ifa olunub.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi