İQTİSADİYYAT
Tbilisi prospektində avtomobil sıxlığının aradan qaldırılması ilə bağlı layihə reallaşdırılacaq
Bakı, 25 aprel, Elvin Camalov, AZƏRTAC
Aprelin 27-də Tbilisi prospektində avtomobil sıxlığının aradan qaldırılması ilə bağlı layihənin təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 25-də VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyi ilk dəfə sərgidə iştirak edəcək. Sərgidə iştirakın əsas məqsədi əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır. Sərgi çərçivəsində bir sıra seminarlar və təlimlər olacaq.
M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi sərgi çərçivəsində konfrans keçirəcək. Aprelin 27-də baş tutacaq konfransda nəqliyyatın optimallaşdırılması baxımından Tbilisi prospektində sıxlığın aradan qaldırılması üçün layihənin təqdimatı olacaq. Layihə ictimaiyyətə təqdim olunduqdan sonra bu istiqamətdə işlərə başlanılacaq.