SİYASƏT
Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinə həsr olunmuş tədbir keçirilib
Tbilisi, 11 may, AZƏRTAC
Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı tədbirlərə start verilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ilk tədbir mayın 11-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində təşkil olunub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tədbirdə çıxış edərək ölkəmizin dövlətçilik tarixi barədə məlumat verib, qonşularla sülh şəraitində yaşamağın dövlətimizin əsas amalı olduğunu diqqətə çatdırıb. O, müasir müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin məhz əməkdaşlıq, sülh və bərabərlik prinsiplərinə söykəndiyini bildirib.
Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq əlaqələrindən söz açan H.Hacıyev deyib ki, müasir Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər məhz bu ənənələrə söykənir.
Ölkələrimiz arasındakı əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edən H.Hacıyev deyib: “Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri yüksək səviyyədədir. Məhz Ulu Öndərimizin səyi nəticəsində bu iki dost və qardaş xalq dünya birliyində öz layiqli yerlərini tutub. Bu gün iki dövlətin əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu gün Azərbaycan ilə Gürcüstan beynəlxalq tədbirlərdə bir-birlərinin mövqelərini dəstəkləyir, prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər”.
H.Hacıyev bu tarixi dostluğun bundan sonra da inkişaf edəcəyinə, möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Regiondakı münaqişələrə toxunan natiq deyib ki, Azərbaycanın ərazisinin 20 faizi işğal olunub. Azərbaycan öz ərazilərini güc yolu ilə azad etməyə hazırdır. Lakin rəsmi Bakı, yenə də, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istəyir. Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi bu ölkəni regiondakı layihələrdən kənarda qoyub.
H.Hacıyev Azərbaycanın beynəlxalq əməkdaşlığı, multikultural dəyərləri, tolerantlığı barədə də tələbələrə ətraflı məlumat verib.
Sonda H.Hacıyev tələbələrin Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək Yolu layihələri, Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri barədə suallarını cavablandırıb, bu layihələrin Azərbaycanın və Gürcüstanın milli maraqlarına, müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Səfir Dursun Həsənov, universitetinin birinci prorektoru, professor Mixeil Çxenkeli tədbirdə çıxış edərək Azərbaycanın və Gürcüstanın dövlətçilik tarixi, dostluq və mehriban qonşuluq münasibətləri, diplomatik əlaqələrimizin inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi