İQTİSADİYYAT


Tbilisidə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin iclası keçirilir

Tbilisi, 17 may, AZƏRTAC

Mayın 17-də Tbilisidə Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin 16-cı iclası işə başlayıb.

Mayın 19-dək davam edəcək iclasda əsasən CAREC-in nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti, təşkilata yeni üzvlərin qəbulu, investisiya imkanları və yeni investorların cəlb olunması, eləcə də perspektiv planlar müzakirə olunur.

İclasda Azərbaycanın İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak edirlər.

Bildirilib ki, hazırda 11 ölkə CAREC-ə üzvdür. Başqa ölkələrin də bu proqrama qoşulması investisiya imkanlarının artmasına və ümumi nəqliyyat dəhlizlərinin genişlənməsinə səbəb ola bilər. Bu gün Azərbaycandan keçən dəhlizin modernləşdirilməsi də diqqət mərkəzindədir. Çin, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən Özbəkistan və Qazaxıstana gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana gətirilir və buradan da Gürcüstana daşınır. Gürcüstandan isə həmin yüklər Avropaya aparılır.

Böyük İpək yolunun Azərbaycandan keçən hissəsində dəmir yolu xəttinə paralel olaraq daha iki xəttin çəkilməsi və bununla da yolun dördzolaqlı olması üçün Asiya İnkişaf Bankı kredit ayırıb. Bu vəsait, eləcə də Azərbaycan hökumətinin maliyyə imkanları hesabına artıq yolun Bakıdan Gəncəyə qədər olan hissəsində yol dördzolaqlıdır. Gəncədən Gürcüstan sərhədinə qədər olan hissədə isə işlər davam edir.

Eyni zamanda, qeyd olunub ki, Bank Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsinə də vəsait ayırmaqda maraqlıdır. Bu layihəyə Bakı-Tbilisi-Qars dəmir yolunda elektrik xətlərinin çəkilməsi, yol nişanlarının qoyulması və təkmilləşdirmə işləri daxildir.

İclasda digər təşkilati məsələlərə də baxılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.