CƏMİYYƏT
Tbilisidə Dünya Psixiatrlar Assosiasiyasının beynəlxalq konfransı keçirilir
Tbilisi, 28 aprel, AZƏRTAC
Tbilisidə Dünya Psixiatrlar Assosiasiyasının (DPA) beynəlxalq konfransı işə başlayıb.
Konfransın açılışında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili çıxış edib. Konfransın əhəmiyyətini vurğulayan Prezident bildirib ki, Gürcüstan artıq elmi-tədqiqatlar üzrə beynəlxalq və regional konfransların, elmi araşdırmaların keçirildiyi mərkəzə çevrilib.
Üç gün davam edəcək tədbirdə psixiatriya elminin inkişafı, bu sahədə aparılan elmi tədqiqatlar, əldə olunan nailiyyətlər, mövcud problemlər barədə məlumatlar veriləcək, məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Azərbaycanlı həkim Gülay Məmmədova konfransda çıxış edərək onkoloji xəstələr və onlara qoyulan diaqnozlar barədə məlumatların çatdırılması barədə fikirlərini bölüşüb. Onun çıxışı maraqla qarşılanıb.
Çıxışlar zamanı onkoloji xəstələrə xəstəlikləri barədə məlumatların çatdırılmasının mənfi təzahürləri barədə də fikirlər səslənib. Bununla belə, bu cür xəstələrə düçar olduqları problemlə əlaqədar məlumatların çatdırılmasının vacibliyi qeyd olunub.
Konfrans işini panel iclaslarla davam etdirib.
Konfransda 30 ölkədən 400-ə yaxın nümayəndə iştirak edir.
Qeyd edək ki, konfransın təşkilatçıları sırasında Azərbaycanın Velfar şirkətinin Gürcüstan nümayəndəliyi də var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi