SİYASƏT
Tbilisidə “Ermənistanın və Azərbaycanın alternativ tarixi” sənədli filminin təqdimatı olub
Tbilisi, 29 may, AZƏRTAC
Mayın 29-da Azərbaycanın Gürcüstandakı səfirliyində “Ermənistanın və Azərbaycanın alternativ tarixi” sənədli filminin təqdimatı keçirilib.
Mərasimdə Tbilisidəki diplomatik korpusun əməkdaşları, Gürcüstanın tanınmış tarixçi alimləri, politoloqları, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Səfir Azər Hüseyn tədbirdə çıxış edərək filmin məqsədi və mahiyyəti, Azərbaycan tarixinin öyrənilməsi, ermənilərin Qafqazın tarixini saxtalaşdırmalarının üzə çıxarılması istiqamətində tarixçi alimlərimizin həyata keçirdikləri layihələr barədə məlumat verib. Diplomat bu filmin erməni yalanlarının üzə çıxarılmasında mühüm rol oynayacağını qeyd edib.
Filmin müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov çıxış edərək bildirib ki, “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Azərbaycanın tarixinin öyrənilməsinə dair bir sıra layihələr, o cümlədən “Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirir. Layihə çərçivəsində silsilə filmlər çəkilir və bu gün gürcü ictimaiyyətinə təqdim olunan film həmin filmlərdən birincisidir.
F.Axundov deyib ki, filmin təqdimatının may ayının 29-da və Tbilisidə keçirilməsi təsadüfi deyil. Məhz 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti xaricdən edilən güclü təzyiq altında İrəvan şəhəri və digər əzəli Azərbaycan torpaqlarını indiki Ermənistana güzəştə getməyə məcbur olub. Lakin erməni xalqına bu məlumat və digər tarixi faktlar tamamilə saxtalaşdırılmış şəkildə təqdim olunur. Hətta əsl həqiqəti üzə çıxarmaq istəyən erməni alimlərinə Ermənistanda “vətən xaini” damğası vurulur. Bu səbəbdən “Ermənistan ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirən Qafqaz Tarixi Mərkəzi ermənilərə və dünya ictimaiyyətinə əsl həqiqəti göstərmək məqsədilə “Ermənistanın və Azərbaycanın alternativ tarixi” adlı sənədli filmlər silsiləsini təqdim etməyi qərara alıb. Bu gün təqdim olunan ilk filmdə Rusiya ilə Ermənistan arasında strateji əməkdaşlığın qaranlıq məqamları, tarixi hadisələr, ermənilərin rus xalqı və mədəniyyətinə gerçək münasibəti əksini tapıb.
Filmlər silsiləsində nadir kadrlar, Rusiya və Ermənistan siyasətçilərinin, alimlərinin fikirləri toplanıb. Habelə ilk dəfə olaraq geniş ictimaiyyətə Azərbaycan tarixinə dair Rusiya, Türkiyə və Gürcüstan arxivlərində saxlanılan nadir sənədlər təqdim olunacaq.
Sonra film nümayiş etdirilib.
Gürcüstanın tanınmış tarixçi alimləri filmlə bağlı fikirlərini bölüşüblər. F.Axundov alimlərin qaldırdıqları məsələlərə münasibət bildirib, sualları cavablandırıb.
Filmin elmi məsləhətçisi “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO kafedrası şöbəsinin dosenti, tarixçi Rizvan Hüseynovdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi