İDMAN


Tbilisidə Formula-1 Azərbaycan Qran-Prisinin təqdimatı olub

Tbilisi, 24 may, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar mayın 24-də Tbilisidə təqdimat mərasimi keçirilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Qran-Prinin təşkili ilə bağlı görülən işlər, Azərbaycanın sosial-iqtisadi, mədəni və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan artıq beynəlxalq idman yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim çıxışında Azərbaycanın beynəlxalq yarışların keçirilməsi sahəsində zəngin təcrübəsindən danışıb. Bildirib ki, ötən il keçirilən Avropa Qran-Prisini Formula-1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası, eləcə də həmin yarışı izləyən yerli və xarici mətbuat nümayəndələri, tamaşaçılar çox yüksək qiymətləndirirlər. İnanırıq ki, iyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi də çox yüksək səviyyədə keçəcək.

Sonra ötən il iyunun 17-19-da təşkil olunan Formula-1 Avropa Qran-Prisinə dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdimat mərasimində iştirak edib.

Nigar Arpadarai AZƏRTAC-a müsahibəsində deyib: “Formula-1 yarışları təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün də önəmli tədbirdir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər paytaxt Bakını və respublikamızın regionlarını görmək istəyirlər. Onlar, eyni zamanda, qonşu Gürcüstanla da maraqlanırlar. Bunu nəzərə alaraq, Tbilisiyə səfərimizin məqsədi Gürcüstan mətbuatını və əhalisini Formula-1 haqqında ətraflı məlumatlandırmaqdır. Formula-1 dünyada ən çox izlənilən idman tədbirlərindən biridir. Bu yarışlar televiziya auditoriyasının böyüklüyünə görə futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra üçüncü yerdədir”.

Bülent Özərdim isə müsahibəsində bildirib: “Gürcüstan bizə dost və qonşu ölkədir. Keçən il bu ölkədən Azərbaycana xeyli qonaq gəlmişdi. Bu il satılan biletlərin 60 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Dünyanın 50 ölkəsindən bilet sifariş edilib. Bəzi sektorlar üçün biletlər artıq qurtarıb. Bu, xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artdığını sübut edir”.

Formula-1 Azərbaycan Qran-Prisinə bilet alan əcnəbilərin sayına görə Gürcüstanın Rusiya, İngiltərə və Ukraynadan sonra dördüncü sırada qərarlaşdığını vurğulayan builki yarışların da yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.