İQTİSADİYYAT


Tbilisidə “Regional Enerji Sammiti” keçirilib

Tbilisi, 25 may, AZƏRTAC

Mayın 25-də Tbilisidə “Regional Enerji Sammiti” keçirilib.

Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ölkəsinin enerji siyasəti, həyata keçirilən layihələr, regional əməkdaşlıq, region dövlətləri ilə enerji mübadiləsi və s. məsələlərdən danışıb. Bildirib ki, Gürcüstan alternativ enerji mənbələrindən istifadə, yeni kiçikhəcmli su elektrik stansiyalarının tikintisi istiqamətində mühüm addımlar atır. Bu gün Gürcüstandan keçən enerji layihələri Avropanın enerjiyə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

O, enerji sahəsində region dövlətləri, xüsusən də Azərbaycan ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

Sonra ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli, Avropa İttifaqının nümayəndəsi Vincent Rey çıxış edərək enerji sahəsində əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Fatih Dönməz də çıxışında ölkəsinin enerji sahəsində gördüyü işlərdən danışıb. Türkiyənin region dövlətləri, xüsusən də Azərbaycan və Gürcüstan ilə enerji sahəsində çox səmərəli əməkdaşlıq etdiyini və bu əməkdaşlığın dünya üçün əhəmiyyətli olduğunu vurğulayan F.Dönməz deyib: “Bilirsiniz ki, enerji olmadan nə iqtisadiyyatı, nə də digər sahələri inkişaf etdirmək mümkün deyil. Bu gün xəyallardan reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi –Ərzurum neft və qaz kəmərləri bizim əvvəllər mövcud olmuş problemlərimizi kökündən həll etdi. Yaxın vaxtlarda bu layihələrin daha da genişlənməsi, TANAP-ın fəaliyyətə başlaması sayəsində biz daha böyük uğurlar qazanacağıq”.

Nazir müavini Türkiyədə alternativ enerji mənbələrindən istifadə, sərmayə imkanları, türk iş adamlarının xarici ölkələrdə enerji hasilatına qoyduqları investisiyalar barədə ətraflı məlumat verib.

Sonra sammit işini bölmələrdə davam etdirib.

Bölmə iclaslarında elektrik enerjisindən istifadə, bu sahəyə sərmayə qoyuluşu imkanlarının artırılması, alternativ enerjidən istifadə, Cənubi Qafqaz regionunda həyata keçirilən irimiqyaslı enerji layihələri və məsələlər müzakirə olunub. Bildirilib ki, bu layihələr region üçün deyil, bütövlükdə Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.