QAN YADDAŞI
Tbilisidə “Xocalıya ədalət” adlı yürüş və məlumatlandırma aksiyası keçirilib
Tbilisi, 25 fevral, AZƏRTAC
Fevralın 25-də “Borçalı İrəli” İctimai Birliyinin təşəbbüsü ilə "Xocalıya ədalət" adlı aksiya keçirilib.
Aksiya iştirakçıları Rustaveli metro stansiyasının önündən Gürcüstan parlamentinin binasının qarşısına qədər yürüş ediblər. Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun” və s. şüarlar səsləndiriblər. Yol boyu şəhər ictimaiyyətinin nümayəndələrinə Xocalı soyqırımından bəhs edən bukletlər paylanılıb.
Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Azərbaycandan gəlmiş “Mərhəmət və kimsəsizlərə yardım” İctimai Birliyinin, “Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi" İctimai Birliyinin, “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin üzvləri də iştirak ediblər.
Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə və Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi