CƏMİYYƏT
Tbilisidə "Dünya azərbaycanlılarının palitrası" kitabının təqdimatı keçirilib
Tbilisi, 14 iyul, AZƏRTAC
İyulun 14-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində "Dünya azərbaycanlılarının palitrası" kitabının təqdimatı olub.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açaraq bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş kitabda müəllifin diasporla bağlı müxtəlif KİV-lərdə dərc olunan müsahibələrinin bir hissəsi əksini tapıb. Ümumiyyətlə kitabda dünyanın 5 qitəsində məskunlaşmış soydaşlarımızdan alınmış 170 müsahibə yer alıb. Kitab dörd fəsildən ibarətdir.
Sonra kitabın müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, kitabı hazırlamaqda məqsəd dünyada yaşayan azərbaycanlılar arasında əlaqələri inkişaf etdirmək, onların birliyini daha da möhkəmləndirməkdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elçin Məmmədov çıxışında bildirib ki, bu kitab dünya azərbaycanlılarının daha sıx təşkilatlanmasında mühüm əhəmiyyət kəsb edir. Sonra Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, "Borçalı İrəli" Gənclər Birliyinin sədri Məhəbbət İmanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov və digər çıxış edənlər kitabın hazırlanmasını yüksək qiymətləndiriblər.
Konfransda bildirilib ki, kitab bir neçə dilə tərcümə olunaraq dünyada yayımlanacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi